Cari ilin 5 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 3-cü illik “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə (ƏL) və komplayens konfransı” region və qlobal səviyyədə bu sahədə siyasət və yanaşmaların formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu beynəlxalq platforma kimi qiymətləndirilir. Konfransda Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev spiker qismində iştirak edib.
ƏL, maliyyə cinayətlərinin qarşısının alınması və uyğunluq sahəsində qabaqcıl təcrübələrin müzakirə edildiyi tədbir çərçivəsində tənzimləyici qurumların rəhbər nümayəndələri, siyasətçilər, bank və maliyyə sektorunun təmsilçiləri, eləcə də beynəlxalq ekspertlər bir araya gələrək qlobal çağırışlar və həll mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
Fuad Əliyev çıxışı beynəlxalq və milli səviyədə məlumatların mübadiləsi sahəsində mövcud problemlər və onların texnologiyaya əsaslanan tədbirlərlə aradan qaldırılması mövzusunda danışıb. O, Azərbaycanın bu sahədə formalaşdırdığı institusional yanaşma və Maliyyə Monitorinqi Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) barədə ətraflı məlumat verib.
Fuad Əliyevin çıxışı beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb və Azərbaycanın maliyyə monitorinqi və uyğunluq sahəsində artan rolunun göstəricisi kimi dəyərləndirilib. Bu çıxış qabaqcıl təcrübələrin paylaşılması baxımından konfransın əsas töhfələrindən biri kimi qiymətləndirilib.
Konfrans Yaxın Şərq və digər regionlardan olan qərarverici şəxslər üçün strateji dialoq, siyasətlərin uzlaşdırılması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayıb.