Cari ilin 12 fevral tarixində Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi ilə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüş zamanı 2023-cü ildə Avropa Şurası MONEYVAL Komitəsinin qarşılıqlı qiymətləndirmə hesabatının qəbul edildiyi tarixdən bu günədək görülmüş tədbirlərə dair geniş fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, hesabatda əksini tapmış tövsiyələrin icrası məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət və risk əsaslı yanaşmaların inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Nəticədə 2025-ci ildə MONEYVAL Komitəsinə təqdim edilmiş tərəqqi hesabatında FATF-in 7 tövsiyəsinin hər biri üzrə müraciət müsbət qiymətləndirilib və bu tövsiyələrə dair reytinqlər artırılıb.
Missiya rəhbəri tərəfindən həyata keçirilən islahatların müsbət qiymətləndirildiyi və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.