12 iyun 2025-ci il tarixində Maliyyə Monitorinqi Xidməti tərəfindən nəzarət orqanlarının və öhdəlik daşıyan şəxslərin nümayəndələri üçün “Daxili nəzarət proqramına dair tələblər” mövzusunda onlayn təlim təşkil olunub.
Tədbirin əsas məqsədi öhdəlik daşıyan şəxslərin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daxili nəzarət proqramlarının qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və öhdəlik daşıyan şəxslərin institutsional risklərinə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq formalaşdırılmasına dəstək göstərmək olub.
Təlim zamanı iştirakçılara daxili nəzarət proqramı çərçivəsində həyata keçirilməli tədbirlər, müştəri uyğunluğu tədbirləri və müştəri profili üzrə risklərin qiymətləndirilməsi ilə bağlı daxili qaydalar və prosedurlar, müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurlar, müstəqil audit mexanizmi barədə ətraflı məlumat verilib.
Təlimçi tərəfindən real keyslər üzərində nümunələr təqdim edilib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və öhdəlik daşıyan şəxslərdən ümumilikdə 200-dən çox nümayəndənin qatıldığı təlim aktiv sual-cavab sessiyası ilə yekunlaşıb, iştirakçılar arasında geniş müzakirələr aparılıb və aktual məsələlərə aydınlıq gətirilib.