Cari ilin 3–5 iyun tarixlərində Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq, vergi və polis orqanlarında istintaq sahəsində çalışan əməkdaş üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin sübut olunmasının spesifik xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Hibrid formatda keçirilmiş təlimlərdə Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Bakı Apellyasiya Məhkəməsinin hakimi və Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi təlimçi qismində iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə nəzərdə tutulan əməllərin hüquqi tərkibi və ictimai təhlükəlilik dərəcəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin aşkara çıxarılması və izlənilməsi metodları, maliyyə istintaqının aparılması və predikativ cinayətlər üzrə paralel araşdırmaların xüsusiyyətləri, bu əməllərin vergi və mənimsəmə cinayətləri ilə əlaqələndirilməsi, həmçinin mövcud məhkəmə təcrübəsi barədə geniş məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində müvafiq sahədə səmərəli mübarizənin təmin olunması və iştirakçı qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə ixtisaslaşdırılmış təlimlərin davamı olan tədbirdə ümumilikdə 125 nəfər iştirak edib.