Cari ilin 7 noyabr tarixində Maliyyə Monitorinqi Xidməti 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan İdarə Heyətinin sədri Zaur Fətizadə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və planlaşdırılmış siyasəti, eləcə də Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
Zaur Fətizadə qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və Zəfər Günü milli birliyimizin, dövlətimizin qüdrətinin təntənəsidir.
Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca İdarə Heyəti sədrinin müavini Azər Abbasov “Zəfər Gününün tarixi əhəmiyyəti və Vətən müharibəsinin nəticələri” mövzusunda çıxış edərək Azərbaycanın hərbi, siyasi və mənəvi qələbəsinin regionda yaratdığı yeni reallıqlardan danışıb.
Daha sonra İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyini vurğulayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə günlərində etdiyi çıxışların xalqımız tərəfindən böyük səbirsizlik və qürur hissi ilə gözlənildiyini xatırladıb.
Tədbirin sonunda Xidmətin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Fəxri Ağayev döyüş yoluna dair xatirələrini bölüşərək, müharibə dövründə yaşadığı təəssüratlar və döyüş yoldaşlarının qəhrəmanlıqları barədə danışıb.