Bu həftə Egmont Qrupunun əsas idarəedici orqanı olan Egmont Komitəsinin növbəti aralıq iclası Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin ev sahibliyi ilə Bakı şəhərində keçirildi.
Tədbirin açılışı Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyev və Maliyyə Monitorinq Xidmətinin İdarə Heyətinin sədri cənab Zaur Fətizadənin çıxışları ilə baş tutdu.
Egmont Komitəsinin üzvləri iclas çərçivəsində 2025-ci ilin yanvar–fevral aylarında keçirilmiş İşçi və Regional Qrup Görüşlərində qəbul edilmiş qərarlar əsasında formalaşmış aktual strateji məsələləri müzakirə etdilər. Görüş, həmçinin 2025-ci ilin iyul ayında keçiriləcək 31-ci plenar iclasa hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyıb.
İclasın gündəliyində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, məlumatların təhlili üzrə qabaqcıl yanaşmaların tətbiqi və 2022–2027-ci illəri əhatə edən Egmont Qrupunun Strateji Planı çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərinin səmərəliliyinin artırılması kimi məsələlər xüsusi yer tutub.
Egmont Komitəsi maliyyə monitorinqi orqanlarının rəhbərləri, İşçi və Regional Qrupların nümayəndələri, Egmont Qrupunun rəhbərliyi və İcraçı Katibdən ibarət olmaqla Qrupun koordinasiya və idarəetmə mexanizmini təşkil edir. Komitə həmçinin qlobal səviyyədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi mühitində Qrupun təmsil olunmasını təmin edir.